AZE | RUS | ENG |


Bir imiqrantın hekayəsi - Reportaj

Bir imiqrantın hekayəsi - Reportaj
Burda iş tapmayanın Kanadada müvəffəqiyyətli olma ehtimalı azdır

Ekoloji cəhətdən ən təmiz ölkələrdən birincisi olan Kanada, həm də dünyada "insan kapitalının paytaxtı” sayılır. Dünyanın dörd bir yanından bu ölkəyə immiqrasiya etmək istəyənlərin sayı kifayət qədərdir. Elə ölkəmizdə də Kanadada yaşamaq, işləmək, oxumaq istəyənlərin sayı az deyil.

Başqa ölkəyə getməyin, orada yaşamaq izni almağın isə öz qayda-qanunları var. Bunlarla bağlı isə hər kəsi müxtəlif suallar düşündürür. Bu suallara bir yerdə cavab tapmaq üçün "Barattson” Kanadaya getmək istəyənləri, bu həvəsdə olanları "Kanadadan bir imiqrant hekayəsi” təlimində bir araya topladı. Təlimçi isə 6 ildir ki, Kanadada yaşayan, həmin ölkənin vətəndaşı olan Famil Qarayevdir.

Ciddi araşdırma aparın

Təlimçi söhbətə başlayarkən hiss olunurdu ki, hər kəsin ona ünvanlancaq sualı çoxdur. Amma o, iştirakçıları səbirli olmağa çağırdı, yavaş-yavaş bütün suallara cavab verəcəyini bildirdi. Əvvəldə qeyd etdi ki, danışacaqları yalnız onun şəxsi təcrübəsinə əsaslanır: "Kanadaya miqrasiya ilə bağlı çoxları yanlış məlumata malikdirlər. Buna görə, öz təcrübəmi sizlərlə bölüşməyə qərar verdim. Paylaşacağım mövzuların əksəriyyəti şəxsi təcrübəmlə bağlıdır. Ola bilsin ki, dediklərim sizin indiyə qədər Kanadayla bağlı formalaşan fikirlərlə üst-üstə düşməsin. Məqsədim nə burdakıları "Kanadada hər şey yaxşıdır” deyib ora aparmağa həvəsləndirməkdir, nə də "orda vəziyyət pisdir, gəlməyin” deyə həvəsdən salmaqdır. Bəzi şeylər hər yerdə olduğu kimi Kanadada müsbətdir, bəzi şeylər mənfidir”.

Kanadaya getmək istəyənlərə ilk məsləhəti yaxşı araşdırmaq oldu: "Ciddi araşdırma aparın. İmiqrasiya mənim düşüncəmə görə çox ciddi mövzudur. "Filankəs belə dedi” fikrilə qərar vermək doğru deyil. Həm deyilənləri analiz edib, həm də Kanada dövlətinin yaratdığı saytdan (www.cic.gc.ca) immiqarsiya ilə bağlı daha dəqiq məlumatı araşdırıb oxuyandan sonra qərar verilsə yaxşı olar”.
 
 

Hazırda Kalqari imiqrasiya olunacaq şəhər deyil

F.Qarayevin sözlərinə görə, Kanada Azərbaycan kimi daha çox neft və qazdan asılı olan ölkədir. 2014-cü ilin sonuna doğru neft və qazla bağlı başlayan böhran Kanada iqtisadiyyatına da zərbə vurub: "Misal üçün, mən Kalqari şəhərində yaşayıram. Orada iqtisadiyyat daha çox neft-qaz sahəsiylə bağlıdır. Böhranın təsiri ilə bağlı bir-iki misal deyim. Bizim şirkətdə böhrandan əvvəl - 2014-cü ildə 1000 nəfərə yaxın işçimiz varıydısa, indi bu rəqəm 450-500 nəfər ətrafındadır. Təqribən 50 faiz işçi qüvvəsi ixtisara düşüb. Eyni rəqəmi şəhərdəki bütün şirkətlərdə görə bilərsiniz. Hazırda Kalqari imiqrasiya olunacaq şəhər deyil”.
 
 

İT sahəsi ilə bağlı bütün şəhərlərdə imkan var, amma...

Maşınqayırma sayəsinin mərkəzi Ontario və Kvebek əyalətləridir. Qeyd edilən sahədə təcrübəniz varsa, həmin əyalətlərda iş axtarsanız, yaxşı olar. Kvebek fransızdilli əyalətdir, bunu da nəzərə almaq lazımdır.

Bu gün daha aktual olan İT sahəsi ilə bağlı bütün şəhərlərdə imkan var. Amma İT sahəsində Kanadada lider şəhər Vankuverdir. Bu şəhərdə o sahə ilə bağlı işlər daha çoxdur: "Lakin Vankuverdə bu sahə ilə bağlı o qədər mütəxəssis var ki, tələb təklifə nisbətən azdır. Bir vakansiya olanda çox namizəd müraciət edir deyə, orda Kalqariyə nisbətən İT sahəsində maaş aşağıdır. Vankuverdə xərclər daha çoxdur. Kanadanın ən bahalı şəhərlərindən biridir”.

Əgər təcrübəniz maliyyə sahəsiylə bağlıdırsa, Kanadada bu sektorun mərkəzi Toronto şəhəridir. O şəhərə getsəniz, digər şəhərlərə nisbətən orada iş tapmaq şansız daha çox olar.

F.Qarayev deyir ki, Kanada hökuməti imiqrantların ölkəyə cəlb olunmasında maraqlıdır: "Kanadanın əhalisi davamlı olaraq artır. Orada müxtəlif xalqların nümayəndələri var. 100-dən artıq xalqın nümayəndəsi imiqarsiya yolu ilə Kanadaya köçür, yaxud buna çalışır. Ölkənin əhalisi 2011-2016-cı illərdə 1 milyon 700 min nəfər artıb. Onun 1 milyon 200 mini imiqrasiya nəticəsində gələnlərdir”. 

F.Qarayev deyir ki, Kanadada imiqrantın işə qəbul olunmama səbəbi fərqli ola bilər: "Orada bir yoldaşla danışırdım, dedi ki, adi təcrübəçi işinə 2000 nəfər müraciət edib, onlara isə bir namizəd lazımıymış. Digər tərəfdən, siz orda müxtəlif ölkələrin nümayəndəsi olan kadrlarla rəqabət aparırsınız. Kanadanın imiqrasiya prosesi elədir ki, onlar insanları təhsilinə, iş təcrübəsinə görə ölkələrinə götürürlər. Yəni, bütün ölkələrdəki qaymaq insanları gətirirlər. Siz də o insanlarla rəqabət aparırsınız. Ola bilsin ki, işə götürülməmə səbəbiniz məhz o insanlarla rəqabətdə uduzmağınız olsun, yaxud da rasizm. Əgər siz həqiqətən yaxşı kadrsınızsa, yaxşı iş təcrübəniz var, qabiliyyətli insansınızsa, iş taparsınız, sadəcə geci-tezi var”.
 
 

Kanadada təhsil...

F.Qarayev deyir ki, Kanadada orta təhsil pulsuzdur, amma orda da özəl orta məktəblər var: "Problem sadəcə, məktəbə qədər olan təhsildədir. Əgər ailədə ata və ana işləyirsə, 5 yaşına qədər uşaq varsa, onda siz uşağı ya bağçaya, ya da dayəyə verməlisiniz. Uşaq 08:00-dan 17:00-dək bağçada və ya dayənin yanında qalacaqsa, 2000 dollar xərc çıxacaq. Bağça pulsuz deyil. Hətta məktəbə gedən uşağı oradan götürüb axşama kimi baxan dayəyə bir uşaq üçün 600-900 dollar arası pul ödəməlisiniz”.

Universitetlər isə pulsuz deyil. Xaricilərə nisbətən yerli tələbələr 3-4 dəfə daha az təhsil haqqı ödəyirlər. Təqaüd alma ehtimalı yerli tələbələrdə xaricilərə nisbətən daha yüksəkdir.
 


Tələbə olaraq getməyi planlayırsınızsa...

F.Qarayevin sözlərinə görə, sadəcə dil kursuna gedirsinizsə, işləmək hüququnuz yoxdur. Oxuyacağınız proqramlar konkret bir sahə olmalıdır. Minimum 8 aylıq proqramlar olmalıdır ki, orda çalışma icazəsi ala biləsiniz: "İşləyə bilərsiniz, amma bu, qeyri-leqal şəkildə olacaq, dövlət xəbər tutsa, sizi cəzalandıracaq. Universitetdə məzun olduqdan sonra Kanada dövləti orada sizə işləmək haqqı verir. Proqramdan asılı olaraq müddət dəyişir. Əgər oxuduğunuz proqram iki illik və daha artıqdırsa, sizə 3 il Kanadada iş axtarma imkanı verilir. Magistraturanı bir illik proqramla oxusanız, çalışma izniniz iki il olacaq, iki illik proqramda oxusanız 3 il olacaq. Təhsil alandan sonra o sahə üzrə qalıb orda davam etmək istəyirsinizsə, Kanadada hansı sahələrə tələbat olduğunu araşdırmaq lazımdır. Elə bir şey oxuyun ki, orda iş tapmaq mümkün olsun. İş tapandan sonra imiqrasiya prosesi başqa variantlara nisbətən daha asan olur. Tələbə kimi gəlmək və status almaq hazırda ən real variantlardan biridir”.
 
 

Turist vizası ilə çalışma izni almaq mümkündür?

F.Qarayev deyir ki, 95 faiz hallarda mümkün deyil: "Ola bilsin ki, kimsə saxta yollarla nə isə düzüb qoşar, bu, başqa mövzu. Amma imiqirasiya qanunlarına görə, belə bir şey mümkün deyil. Leqal iş tapmaq üçün birinci işləmək hüququ olmalıdır. İşə müraciət edəndə blankı dolduranda Kanadadakı statusunuzun nə olduğu soruşulur. Vətəndaşsınız, daimi yaşamaq izniniz var, yoxsa bizdən sizin imiqrasiya məsələnizə sponsorluq etməyi istəyəcəksiniz? Əgər üçüncü variantı seçəcəksinizsə, qeyri-adi qabiliyyətli insan deyilsinizsə, o işi almaq ehtimalınız sıfıra yaxındır”.

F.Qarayev dedi ki, əgər kimsə Azərbaycanda iş tapa, burda müvəfəqqiyətli ola bilmirsə, Kanadaya gedib orada uğura nail olma ehtimalı azdır. Çünki proqramlara müraciət etdiyinizdə hansısa şəkildə uyğunluğunuzu göstərməlisiniz. İkincisi, prosesin ən vacib hissələrindən biri ingilis dilini bilməkdir. İşsizsinizsə, amma ingilis diliniz əladırsa, bu zaman getmə şansınız ola bilər. İnsanların əksəriyyəti bu proqramlarla keçə bilmirlərsə, hansısa yollarla viza alıb, gedib orda qanunsuz şəkildə qalırlar. Ailə ilə gedirsinizsə, sizə viza verməyəcək. Kanada dövləti elə namizədlər axtarır ki, işlətsin, dövlət üçün faydası olacağını öncədən bilsin. Təhsil, dil biliyi, təcrübəsinə baxırlar. Düzdür, Kanadanın ucqar yerlərinə getmək istəyənlərlə bağlı proqram var, orda şanslar nisbətən yüksəkdir, amma o demək deyil ki, müraciət edən kimi seçirlər. Seçimlə bağlı kriteriyalar digər proqramlardakı kimidir”.
 


Səhiyyə pulsuzdur, amma...

Kanadada səhiyyə pulsuzdur, amma bəzi istisnalar var. Göz, diş həkimləri, dərman və təcili yardım pulludur: "Bir yoldaşın təcili yarıma ehtiyacı oldu, gəlib onu apardılar, sonra 250 dollar hesab gəldi. Əgər işləyirsinizsə, şirkət sığorta ilə təmin edir, amma sığorta ən yaxşı halda xərclərin 80 faizini qarşılayır. Mənim bir neçə il əvvəl diş problemim varıydı. Həkim bunun 3000 dollar olacağını dedi. Sığorta bunun 50 faizini qarşılayırdı. 1500 dollar edirdi. Fikirləşdim ki, 1500 dollara Azərbaycana gedib, orda dişimi müalicə etdirib, valideynlərimi də görərəm. Elə də etdim. Əgər sığortanız yoxdursa, bəzi şeylər, çox bahadır. Uşağın qızdırması qalxırsa, yaxud hansısa əməliyyata ehtiyacınız varsa, belə şeylər pulsuzdur. Banqladeşli bir yoldaşın uşağı xəstə doğulmuşdu.

Amma orda səhiyyə sahəsində mütəxəssis sayı azdır. Hansısa sahədə həkim görməlisinizsə, birinci terapevtin yanına gedirsiniz. O, sizi hansısa sahə həkiminə yönəldir. Problem ondadır ki, bəzi mütəxəssislərin qəbuluna düşmək üçün aylarla növbə gözləməlisiniz. Qulağınız ağrıyırsa, qulaq həkimin qəbuluna yazılıb 7 ay gözləyə bilərsiniz. Düzdür, kiminsə vəziyyəti həqiqətən kritikdirsə, onu təcili surətdə növbəsiz salırlar”.

Əgər siz Kanadada həkim kimi çalışmaq istəyirsinizsə, F.Qarayev deyir ki, bu, elə də asan deyil. Kanada digər ölkələrdəki səhiyyə təhsilini nəzərə almır. Əgər orda səhiyyə sahəsində işləmək istəyirsinizsə, onların universitetlərində oxumalı, ya da bu sahəni onlardakı kimi mənimsəməlisiniz. Bundan sonra imtahan verməlisiniz.

Aygün Asimqızı
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6539
GBP 1 İngilis funt sterlinqi 2.2653
TRY 1 Türk lirəsi 0.4424
KWD 1 Küveyt dinarı 5.6250
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 1.9983
CHF 1 İsveçrə frankı 1.7166
USD 1 ABŞ dolları 1.7001