AZE | RUS | ENG |


Qafqazın ilk idman jurnalistikası magistr proqramı - Reportaj

Qafqazın ilk idman jurnalistikası magistr proqramı - Reportaj
Bədən Tərbiyəsi və İdman Akademiyasının idman jurnalistikası magistr proqramı dünyanın istənilən ölkəsində işləmək imkanı vəd edir.

"Jurnalistlər xüsusi insanlardır”
 
Hər yerdən idman nəfəsi duyulur. Həyatlarının müəyyən hissəsi, yaxud da bütün həyatı idmanla bağlı olan insanlar burada təhsil alırlar. Atletlər, məşqçilər, futbolçular, fiziki tərbiyə müəllimləri, idman menecerləri, reabilitasiya mütəxəssisləri... 
Xeyr... Bu dəfə idmançılardan yox, jurnalistlərdən danışacağıq. Artıq bu məkan peşəkar idmançılarla yanaşı, jurnalistlərin də təhsil məkanına çevrilib. Söhbət idman jurnalistlərindən gedir...  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman jurnalistikası magistr proqramı ilk tələbələrini qəbul edib. Biz də dərs prosesini izləmək və jurnalistikanın magistr səviyyəsində ilk ixtisaslaşma proqramı ilə tanış olmaq üçün Azərbaycan Bədən Tərbiyə və İdman Akademiyasına yollandıq.
 
 

İdman jurnalistlərinin mərkəzi...

İdman jurnalistlərinin təhsil mərkəzi akademiyanın həyətində 2 ay ərzində xüsusi dizaynla tikilib və universitetin inzibati binasından kənarda yerləşir. Multimedia Mərkəzi adlanan binada tələbələrin dərs keçməsi üçün otaqlar, mətbəx, radio-tv otaqları var. Bina sarı, narıncı, göy rənglərlə dizayn edilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası bu ixtisasın tədrisi üçün Böyük Britaniyanın Şefield Hallam Universiteti ilə əməkdaşlıq sazişi imzalayıb və onların təcrübəsini Azərbaycan təhsil sistemində tətbiq edir. Tədris zamanı bütün dərslər ingilis dilində keçirilir.
Məlumat üçün bildirək ki, "İdman jurnalistikası” Qafqazın ilk idman magistr proqramıdır. Proqrama idman media sahəsində tanınmış beynəlxalq ekspert, Böyük Britaniyadan olan Dan Mason rəhbərlik edir. Tələbələrə idman jurnalistikasının əsas özəllikləri, media və PR, "online” yazı bacarıqlarının artırılması, audio və video jurnalistika istiqamətləri tədris olunur.
 


Siz şagird deyilsiniz, mən də müəllim...

Dərsin başlamazdan öncə, proqram rəhbəri Dan Masonla söhbətləşirik. Dan 30 il professional jurnalistika ilə məşğul olub və dünyanın 25 ölkəsində təlimlər keçib. Rənglər və studiyanın dizaynına Dan qərar verib. O, artıq 7 ildən çoxdur ki, Azərbaycana gəlib-gedir, müxtəlif layihələrdə jurnalistlərə yeni media təlimləri keçir.
Dərsin başlamasına sayılı dəqiqələr qaldığı üçün tələbələr mərkəzə daxil olurlar. Diqqətimizi çəkən əsas məqam isə, tələbələrin Danla səmimi münasibəti idi. Mütləq bir dəqiqəlik də olsa, müəllimlə görüşür, hal-əhval tutur və sonra otağa daxil olurlar. Müəllim deyir onlarla səmimi münasibət qurmalıyam ki, mənə hörmət etsinlər və öyrənməyə can atsınlar: "Birinci dərsdən onlara demişəm ki, siz şagird deyilsiniz, mən də müəllim. Bura da sinif otağı deyil. Mən sizin təhsil almağınıza kömək üçün gəlmişəm. Çünki mediada hər şey sürətlə dəyişir və biz hamımız, o cümlədən özüm də daxil olmaqla başlanğıc səviyyədəyik. Mediada hər zaman dəyişikliklər olduğu üçün hər birimiz hələ də öyrənirik. Bir-birimizə hörmət də qarşılıqlı olmalıdır. Mən onlara hörmət etməliyəm ki, onların da hörmətini qazanım. Çünki biz komandayıq”. 
 
 

"Siz daha dəyərlisiniz”

Dan deyir ki, Azərbaycanda jurnalistlər çox istedadlı və öyrənməyə acdırlar: "Azərbaycanda məşhur beynəlxalq idman jurnalistləri yetişə bilər. Bu ölkədə idman sahəsində dinamizm, inkişaf  hiss olunur. Azərbaycanda idman sahəsində çalışan jurnalistlər öyrənməyə ehtiyac duyurlar və acdırlar. Geniş dünyagörüşləri, praktik bacarıqları var. Bu bacarıqların üzərində də çox işləyirlər”. 
Dan deyir ki, jurnalistlər seçilən və xüsusi insanlardırlar: "Ətrafımda jurnalistlər olduğu üçün özünü şanslı hesab edirəm. Azərbaycanda jurnalistlər özlərini qiymətləndirdiklərindən daha artıq dəyərlidirlər. Eyni işi müxtəlif ölkələrdə görürəm. Bu ölkədə də jurnalistlərin istedadlarının fərqinə varıram və hər zaman vurğulayıram ki, siz düşündüyünüzdən daha dəyərlisiniz”.
Saat 5-də dərs başlayır. Söhbətimiz maraqlı olsa da, Dan alman dəqiqliyi ilə hərəkət edir və dərsini tədris etmək üçün həmkarı adlandırdığı tələbələrinin yanına yollanır.
 
"Dünyanın istənilən ölkəsində işləmək imkanı”

Proqramın layihə meneceri Ellada Mustafayeva deyir ki, Azərbaycanda idman jurnalistikasına maraq çoxdur: "Bu tədris ilindən etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilk dəfə olaraq ölkədə yeni yaradılan "İdman jurnalistikası”, "İdman menecmenti” və "İdman tibbi və reabilitasiya” ixtisaslarının tədrisinə start verildi. Hər üç ixtisasın təhsil proqramına daxil edilməsinin əsas məqsədi beynəlxalq idman əmək bazarında rəqabətədavamlı kadrların hazırlanması və ölkədə günü-gündən inkişaf edən idman sahəsində tələb olunan peşələr üzrə mütəxəssislərin yetişdirilməsidir. Proqramdan sonra məlum oldu ki, idman jurnalistikasına maraq çox böyükdür. Proqrama xarici mütəxəssislər cəlb olunub və məsələyə böyük çərçivədən baxmağa çalışırıq. Tələbələr təhsillərini başa vurduqdan sonra ölkəmizdən əlavə, dünyanın istənilən ölkəsində karyeralarını davam etdirə biləcəklər. Dil baryerini aşmaq dünyadakı sərhədləri aşmağa kömək edir. Buna görə də tədris prosesi ingilis dilində aparılır”. 
Proqrama qəbul Dövlət İmtahan Komissiyasının qoyduğu tələblərə uyğun aparılır. İlkin mərhələ test, ikinci mərhələ isə müsahibə və qabiliyyət mərhələsidir. E.Mustafayeva deyir ki, idman jurnalistikasına yalnız oğlanlar yox, qızlar da maraq göstərir: "Məsələn, bu il proqrama qəbul olan tələbələrimizin 3-ü xanım, 3-ü isə bəydir. Bu isə o deməkdir ki, proqramda gender bərabərliyi təmin olunub” (gülür-A.Ə).

"Öyrənməyə acdırlar”

Müəllimdən icazə alıb sakitcə dərsi izləyirəm. Burada mühit bizim standart auditoriyalarımızdan tam fərqlidir. Müəllim və şagirdlər hərəkətlidir. Monitorda dərsi izah edən müəllim aktiv hərəkətlərlə mövzunu tələbələrə çatdırır. Bəzən stolun üstündə əyləşir, bəzən də döşəmənin üzərində... Tələbələrin də müəllimlə səmimi münasibəti dərslərindəki sərbəstlikdə özünü göstərir. Müəllimlə rahat ünsiyyətə girir, tez-tez suallar verir, öyrənməyə can atırlar.

"Bir insan bütün sahələrdə mükəmməl ola bilməz”

Dərsin başlamasından 90 dəqiqə sonra kofe fasiləsi elan olunur və tələbələr müəllimlə birlikdə mətbəxə yollanırlar. Kofe hazır olanadək tələbələrlə söhbətləşirik.
Ramal İbrahimovjurnalistikada ixtisaslaşmanın tərəfdarıdır. Deyir ki, nəzəri cəhətdən müəyyən biliklərə sahib olsalar da, proqramda idman jurnalistikasının sirlərinə dərindən yiyələnirlər: "Mən jurnalistikanı seçdiyim gündən idman jurnalisti olmaq istəyirdim. Belə proqramın açıldığını bildikdə, çox sevindim və müraciət etdim. Burada daha çox təcrübə əldə etmək mümkündür. Nəzəri cəhətdən biliklərimiz var, amma bu kifayət etmir. Bu təhsil yeni olmaqla yanaşı, həm də potensialımızı üzə çıxarmağa kömək edir”. 
MirCavad Mustafazadəjurnalistika ixtisası üzrə bakalavr təhsili alıb. Onun sözlərinə görə magistr səviyyəsində idman jurnalistikası ixtisasını seçməsinə səbəb proqramın yeni və innovativ olmasıdır: "Yeniliklər və ilklər hər zaman maraqlı olur. Mən də təhsilimi yeni və spesifik sahə üzrə davam etdirmək qərarına gəldim. Düşünürəm ki, gələcəkdə bu sahədə ixtisaslaşmağımda bu proqram xüsusi rol oynayacaq”.
Zərifə Bayramova isə şahmatçıdır. Azərbaycan idmanının beynəlxalq aləmdə tanıtmaq üçün idman jurnalisti olmaq istəyir: "İdmana marağım uşaqlıqdan var idi. İdman jurnalisti olmaqda məqsədim isə, idmanı digər ölkələrdə tanıtmaqdır. Özümü bu sahədə təkmilləşdirmək üçün proqrama müraciət etdim”.
Ayşə Məmmədova isə ixtisaslaşmaq üçün proqrama müraciət edib: "Jurnalistikada ixtisaslaşmanın olmasını çox istəyirəm. Çünki bir insan bütün sahələrdə mükəmməl ola bilməz. İxtisaslaşma mütləq olmalıdır. Mən də ümumi jurnalistikada deyil, jurnalistikanın bir sahəsində peşəkar olmağı qarşıma məqsəd qoydum”.
Qeyd edək ki, tələbələr fevralda İngiltərəyə gedəcəklər. Onların proqramın partnyor universiteti olan Şeffild Hallam-a səfərləri planlaşdırılır. 
Aygün ƏZİZ


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001