AZE | RUS | ENG |


“Valideynlərim ən böyük dəstəkçilərimdir” - Debüt

“Valideynlərim ən böyük dəstəkçilərimdir” - Debüt
Tanınmış musiqiçi, peşəkar şahmatçı, poliqlot, kvant fizikası ilə maraqlanan Nail Qurbanov deyir ki, musiqi Tanrının insanlarla ünsiyyət dilidir

"Debüt” rubrikamızın bugünkü qonağı güclü səs imkanlarına malik olan 12 yaşlı skripka ifaçısı Nail Qurbanovdur. Nail yaşının az olmasına baxmayaraq, insanları öz səsinin sehrinə toplamağı bacarır. Vətəndən uzaqda yaşasa da, qəlbinin hər zaman Azərbaycan üçün döyündüyünü deyir.

Hələ uşaq yaşlarından ölkəmizdə keçirilən bir çox tədbirlərdə vokal imkanlarını göstərməyi bacaran Nail gələcəkdə beynəlxalq arenalarda ölkəmizi təmsil etmək arzusundadır. Bunun üçün əlindən gələni etdiyini deyir. Hazırda Amerikada təhsilini davam etdirən kiçik müsahibimiz öz istəyinə zərrə-zərrə yaxınlaşır da. Belə ki, istedadlı yeniyetmə Amerikada keçirilən bir neçə beynəlxalq festivalda ölkəmizi təmsil edib. İndi isə dünya üzrə keçirilən ən reytinqli müsabiqələrdə Azərbaycan bayrağını dalğalandırmağı arzu edir. İtaliyan, ingilis, rus və fransız dillərində sərbəst danışan müsahibimizin arzuları bitib-tükənmək bilmir. Deyir ki, ən böyük dəstəkçisi anası Sevinc Səfərovadır.

Beləliklə, 12 yaşlı müsahibimiz bizə özü haqqında danışır. 
 
- 2005-ci il dekabrın 14-də Bakıda anadan olmuşam. Uşaqlıqdan musiqiyə və idmana böyük marağım olub. Anam hər zaman mənim maraqlarıma görə hərəkət edib. Belə ki, hansı sahəyə marağım olubsa, məni o istiqamətə yönəldib, bu sahə üzrə ən yaxşı müəllimləri tutub. Mənə isə yalnız öz arzularımın arxasınca getmək qalıb. Bu günə qədər bir çox filmlərə, reklam çarxlarına  çəkilmişəm. Musiqidən başqa, 7 yaşımdan fizika, kimya, astronomiya və coğrafiya elminə hədsiz maraq göstərməyə başlamışam. Bakı şəhəri A.S.Loginov adına 8 nömrəli tam orta məktəbdə təhsil almışam. 2012-ci ildən Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində təhsil almışam. Bundan başqa, pianino dərslərində iştirak edib, bu sahəni də mənimsəmişəm. Əsas ixtisasım skripka ifaçısı olsa da, onunla bərabər, pianino və vokal dərsləri də almışam. Eyni zamanda, idman gimnastikası ilə məşğul olmuşam, həm də peşəkar şahmat oyunçusuyam. Bu sahə üzrə bir çox müsabiqələrdə iştirak etmişəm. 2017-ci ildən etibarən təhsilimi Amerikada davam etdirirəm. Hazırda Los Angelosda Emerson Middle Scoll-da 7-ci sinifdə oxuyuram. 
 


- Həyata keçirmək istədiyin hansı arzuların var?

- Məqsədim 15 dildə danışmaqdır. İndi dörd dildə danışmağı bacarıram. Ancaq bu mənə kifayət etmir. Dil öyrənmək və əcnəbi dildə danışmaq mənim hobbimdir. Asudə zamanlarımda dil imkanlarımı genişləndirmək üçün internet vasitəsi ilə dərslər alıram. Ən böyük arzum isə Milanda təhsil almaq, kvant fizikasını dərindən öyrənməkdir. İnanıram ki, gec-tez mən bu arzumu həyata keçirəcəyəm. 
 
- Səs imkanların çox genişdir. Mahnı ifa edərkən nəyə daha çox önəm verirsən və  repertuarında kimlər böyük yer tutur?
 
- Mahnı ifa edərkən ilk növbədə səs imkanlarımı nəzərə alıram. Repertuarımda Luciano Pavarotti, Robertino Loretti, Alessandro Safina, Rəşid Behbudov, Müslüm Maqomayev, Üzeyir Hacıbəyov, Niyazi, Bax, Vivaldi, Şubert kimi dahilərin əsərlərinə yer verirəm.  
 
 

- Nə zamandan hiss etdin ki, güclü səs imkanların var?

- Gözümü açandan klassik musiqinin içində böyümüşəm.

- Necə?

- Biz Üzeyir Hacıbəyov nəslinin davamçısıyıq. Üzeyir Hacıbəyov atamın anasının dayısıdır.   Nənəm mənə ondan çox bəhs edirdi. Bizim evdə hər zaman Üzeyir bəyin bəstələri səslənib. Nənəm onunla bağlı xatirələrini danışırdı. Biz hara gediriksə, Üzeyir Hacıbəyovun bəstələrini xarici vətəndaşlara dinlətdiririk. Şərqin ilk opera yazarının məhz Üzeyir bəy olduğunu deyirik. Çünki Üzeyir Hacıbəyovu musiqinin atası hesab etmişik. Anam bizə hər zaman onun bəstələrini təbliğ edib. Biz onun musiqiləri ilə böyümüşük. Bacılarımın ikisi də klassik musiqi ilə məşğul olur. Bu istedad insana gendən gəlir deyirlər. Bəlkə də belədir.
 
- Musiqi sənin üçün nədir?
 
- Musiqi mənim üçün həyatdır. Musiqi ruhdur, nəfəsdir və özünü izah etməyin ən gözəl yoludur. Mənim üçün musiqi hər şeydir - hava, su, həyat, sevgi - hər şey. Bu mənim şəxsi münasibətimdir. Bir qədər bədii formada ifadə etsək, musiqi Yaradanın bizə müraciətidir, Tanrının bizimlə ünsiyyət dilidir. Bundan başqa, mənim üçün musiqi ölkəmi tanıtmaq üçün bir vasitədir. 
 
 

- Necə musiqiləri sevirsən?
 
- Klassik musiqiləri sevirəm.
 
- Kumirin kimlərdir?
 
- Luciano Pavarotti, Robertino Loretti.
 
- Azərbaycanda uzun müddət yaşamısan. Bu müddət ərzində haralarda çıxışlar etmisən?
- Heydər Əliyev Sarayında ulu öndərimiz Heydər Əliyevə və Rəşid Behbudova həsr olunmuş simfonik və kamera orkestri ilə konsertlərdə çıxışlar etmişəm. Dövlət Filarmoniyasında Rauf Abdullayevin dirijorluğu altında kamera orkestri ilə konsertlərim olub. 2017-ci il fevralın 12-də "Americans got talant” beynəlxalq musiqi festivalında çıxış etmişəm. 2017-ci ilin 28 iyulunda "Beverly Hills” beynəlxalq musiqi festivalında iştirak etmişəm və orada sertifikata layiq görülmüşəm. Təbii ki, bu festivalda mən tək olmamışam. Bacım Elvina Qurbanova da sonuncu festivallarda iştirak edib. Biz ölkə xaricində iştirak etdiyimiz festivallarda Azərbaycanımızı təmsil etmişik. Xaricilərə Azərbaycan musiqilərinin nə qədər zəngin və çoxşaxəli, qədim köklərə malik olduğu barədə məlumatlar vermişik. 
 
 
 
- Belə kiçik yaşında bir çox uğura imza atmısan. Musiqi ilə yanaşı, idmanla da məşğul olursan. Yəqin ki, bu işləri belə az yaşında etməkdə yaxşı köməkçin var. 
 
- Əlbəttə. Bütün işlərimdə əsas yardımçım anamdır. Valideynlərim mənim ən böyük dəstəkçilərimdir. Mən onları çox sevirəm. Anam mənim həyat dostumdur. Hər bir addımımda yanımda olub. Anama çox təşəkkürümü bildirirəm. Bütün uğurlarımı anama borcluyam. Bir də mənim iki mələyim var: Elvina və Emilya Qurbanova. Onlar mənim uğur mələklərimdir. Anamdan sonra əsas dəstəkçilərimdir. İki bacının bir qardaşı olmaq həqiqətən də maraqlıdır. Çünki üzərimdə üç qadın birlikdə əsir. Mənim üçün hər şeyin ən yaxşısının olmasını istəyirlər. Skripkada yaxşı ifama görə isə skripka müəllimim Yelena Rzaquliyevaya təşəkkürümü bildirirəm. Onun da üzərimdə çox haqqı var. 
 
- Gələcəyə doğru hədəflərin nələrdir?

- Gözümüzü açandan bəri anamız bizə hər zaman deyib ki, bizi bu torpaq yetişdirib. Deyib ki, dünyanın harasına istəyirsinizsə gedin, ancaq unutmayın ki, siz burada doğulmusunuz. Çörəyini yeyib, suyunu içmisiniz. Harada olmağınızdan asılı olmayaraq, siz Azərbaycanı təmsil edirsiniz. Bizim ailəmiz çox vətənpərvərdir. Hazırda uzaqda yaşasaq da, ürəyimiz vətən eşqi ilə döyünür.  Ona görə də ən birinci hədəfim Azərbaycanımızı bütün dünyada təmsil etmək, səsimi dünyaya tanıtmaqdır. Hesab edirəm ki, mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. İnanıram ki, gün gələcək, mən bu istəyimə nail olacağam. 
 
Xəyalə Rəis
 







Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001